Ermənistanda hakimiyyətlə ölkənin ən zəngin oliqarxlarından biri, müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Çarukyan arasında qarşıdurma pik həddə çatıb. Müstəntiqlər və hüquq-mühafizə orqanları Çarukyanın mülklərinə və biznes şəbəkəsinə qarşı irimiqyaslı hücuma keçib.

“AzPolitikaerməni mediasına istinadən xəbər verir ki, Qagik Çarukyanın şəxsi malikanəsində, ona məxsus “Multi Qrup” konserninə daxil olan demək olar ki, bütün şirkətlərdə, həmçinin bu müəssisələrin rəhbərlərinin mənzillərində eyni vaxtda genişmiqyaslı axtarışlar aparılır.

Ermənistan İstintaq Komitəsi məlumatı təsdiqləyərək bildirib ki, qurumun icraatında olan ondan çox cinayət işi çərçivəsində rəsmi olaraq 70-dən çox ünvanda eyni vaxtda axtarış tədbirləri həyata keçirilir. Hüquq-mühafizə orqanları yaxın saatlarda məsələ ilə bağlı rəsmi bəyanat yayacaqlarını bəyan ediblər.

Çarukyanın vəkilləri Emin Xaçatryan və Yerem Sarkisyan mətbuata açıqlamalarında Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən süni maneələr yaradıldığını bildiriblər. Vəkillərin sözlərinə görə, hüquq-mühafizə orqanları onların hadisə yerinə və Çarukyanın evinə daxil olmasına bir neçə saat ərzində icazə verməyiblər. Hazırda oliqarxın saxlanılıb-saxlanılmadığı barədə dəqiq məlumat verilmir.

Qagik Çarukyanın mətbuat katibi İveta Tonoyan baş verənləri tamamilə siyasi proses və repressiya adlandırıb: “Hüquq-mühafizə orqanları birbaşa Baş nazir Nikol Paşinyanın təlimatı ilə hərəkət edir”.

Tonoyan həmçinin əlavə edib ki, əməliyyat çərçivəsində Çarukyan ailəsinə məxsus məşhur “Faravon” (Firon) əyləncə-hotel kompleksindən aralarında xarici qonaqların da olduğu 600-ə yaxın şəxs zorla çölə çıxarılıb.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu bundan əvvəl Çarukyana qarşı xüsusilə külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət təqibi başlatmış və onun toxunulmazlığının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi. Baş Prokurorluq həmçinin bəyan edib ki, Çarukyanın ən böyük gəlir mənbələrindən biri olan “Ararat Sement” zavodu 2000-ci illərin əvvəllərində qanunsuz yollarla özəlləşdirilib.

Hələ seçki kampaniyası dövründə Nikol Paşinyan Çarukyanın ailəsinə məxsus “Ararat Sement” zavodunun milliləşdiriləcəyini, ardınca isə növbənin oliqarxın dəbdəbəli imarətlərinə çatacağını bəyan etmişdi. Paşinyan öz siyasi rəqibinin bu zavodunu onun "biznes onurğası" adlandırmış, Çarukyan və onun qudalarını "mafiya" elan edərək, digər milyarder Samvel Karapetyanın elektrik şəbəkələrində olduğu kimi, bura da tezliklə dövlət tərəfindən müvəqqəti idarəçi təyin olunacağını hədələmişdi. Çarukyan isə öz növbəsində Paşinyana cavab olaraq "məni bununla qorxuda bilməzlər" demişdi.

Ermənistandakı ekspertlər hesab edirlər ki, Paşinyan hökuməti bu addımla ölkədəki müxalif oliqarxiyanın iqtisadi və siyasi gücünü tamamilə sıfırlamaq xəttini götürüb.

Rasim Əliyev

“AzPolitika.info”