Yaxın Şərqdə ABŞ-İsrail koalisiyasının İrana qarşı başlatdığı müharibə səbəbindən aylarla Fars körfəzində sıxışıb qalan qlobal yük gəmilərinin təxliyəsinə başlanılıb. Yaponiya ilə əlaqəli 10 böyük ticarət gəmisi strateji Hörmüz boğazından keçməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə regional "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, Hörmüz boğazından keçid edən karvana Yaponiyaya məxsus və ya bu ölkənin şirkətləri tərəfindən idarə olunan 6 neft tankeri, 2 kimyəvi maddə daşıyan tanker, 1 avtomobil daşıyıcısı və 1 konteyner gəmisi daxildir. Tankerlərin göyərtəsində ümumilikdə 12 milyon barel xam neftin olduğu bildirilir.

Qlobal gəmiçilik xəritələrini və naviqasiya məlumatlarını təqdim edən məşhur "LSEG" şirkətinin hesabatına əsasən, sözügedən neft fevralın sonu - martın əvvəllərində gəmilərə yüklənib. Tankerlərdəki xam neft Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə məxsusdur. Müharibə alovlandıqdan sonra gəmilər təhlükəsizlik səbəbindən aylarla Körfəz sularında lövbər salaraq gözləməli olmuşdular.

Sözügedən nəhəng donanmanın böyük hissəsi Yaponiyanın məşhur "Mitsui OSK Lines" gəmiçilik şirkəti tərəfindən idarə olunur. Şirkətdən verilən rəsmi açıqlamada bildirilir ki, Hörmüz boğazı keçilərkən heyətin, yüklərin və gəmilərin təhlükəsizliyinin təmin edilməsi mütləq prioritetdir və bütün risklər minimuma endirilib.

"Al Jazeera" xüsusi olaraq vurğulayır ki, Yaxın Şərqdəki hərbi gərginlik fonunda qlobal dəniz ticarətinin əsas arteriyası sayılan Hörmüz boğazı hələ də beynəlxalq gəmiçilik üçün tam şəkildə açılmayıb.

Strateji boğaz tamamilə İran Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hazırda boğazdan yalnız məhdud sayda gəmilərin keçməsinə icazə verilir və bu proses birbaşa rəsmi Tehranla koordinasiya və xüsusi razılaşma şəraitində həyata keçirilir. Yaponiyanın rəsmi neft tankerlərinin keçidi də Tehranın xüsusi icazəsi ilə baş tutub.

“AzPolitika.info”