ABŞ Prezidenti Donald Trampnın iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsi çərçivəsindəki rəsmi proqramı açıqlanıb.
Ağ Ev tərəfindən yayımlanan təqvimdə Trampın Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski və Əhməd əş-Şəra ilə ikitərəfli görüşləri yer alsa da, proqramda Anıtkabirə ziyarət nəzərdə tutulmayıb.
Bildirilib ki, Trampın əsas görüşləri Ankara şəhərində yerləşən Beştəpə Prezident Kompleksində keçiriləcək. ABŞ prezidenti əvvəlcə NATO-nun baş katibi ilə qısa görüş keçirəcək, daha sonra NATO liderlərinin işçi sessiyasına və ailə fotosunun çəkilişinə qatılacaq.
Proqrama əsasən, Tramp günün ikinci yarısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rəsmi qarşılanma mərasimində iştirak edəcək, ardınca dövlət qəbulunda və ikitərəfli görüşdə bir araya gələcək. Bundan başqa, onun Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əş-Şəra ilə də qapalı formatda danışıqlar aparacağı gözlənilir.
Səfərin sonunda ABŞ prezidenti NATO liderlərinin şam yeməyinə qatılacaq və daha sonra mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, daha əvvəl Trampın Anıtkabiri ziyarət edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin Ağ Evin açıqladığı rəsmi proqramda belə bir tədbir yer almayıb. Bununla belə, proqramda son anda dəyişikliklərin edilə biləcəyi istisna olunmur.
"AzPoliika.info"

Şərhlər