Ukrayna Silahlı Qüvvələri genişmiqyaslı Rusiya işğalı başlayandan bəri ən uzaq məsafədə yerləşən strateji hədəfə sarsıdıcı zərbə endirib. İyulun 6-da Ukrayna pilotsuz uçuş aparatları (PUA) sərhəddən 2500 kilometrdən çox məsafədə, Sibir bölgəsində yerləşən Rusiya iqtisadiyyatının əsas sütunlarından biri - Omsk Neft Emalı Zavodunu (NEZ) hədəf alıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın hərbi-monitorinq teleqram kanalları məlumat yayıb. Kanallar nəhəng müəssisədə baş verən güclü partlayışların və ardınca başlayan yanğının ilk kadrlarını yayımlayıblar. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik əməliyyatla bağlı rəsmi bəyanat verməsə də, rəqib tərəfi hədəfin vurulduğunu dolayısı ilə təsdiqləyib.

Hücum zamanı Omsk vilayətinin qubernatoru Vitali Xotsenko əvvəlcə yerli sakinləri "dron təhlükəsi" barədə xəbərdar edib. Az sonra o, Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin Ukrayna PUA-larını vurduğunu və "hücumun nəticələrinin dəqiqləşdirildiyini" yazaraq insidenti ört-basdır etməyə çalışıb.

Lakin rəqəmsal məkanda yayılan real faktlardan sonra qubernator geri addım atmalı olub və bir neçə Ukrayna dronunun şəhərin şimal sənaye zonasına çatdığını etiraf edib. Rusiya rəsmisi hədəfin məhz ölkənin ən böyük neft zavodu olduğunu isə xüsusi olaraq qeyd etməkdən yayınıb.

Omsk Neft Emalı Zavodu xam neftin emalı həcminə görə Rusiyanın ən böyük və strateji müəssisəsi hesab olunur. "Qazprom Neft" ASC-nin strukturuna daxil olan bu zavod rəsmi olaraq ölkənin ən müasir və yüksək texnologiyalı neft-kimya kompleksi kimi tanınır. Bu zavodun vurulması Rusiya hərbi maşını və daxili bazarı üçün ağır iqtisadi zərbə deməkdir.

Xatırladaq ki, 2026-cı ilin yaz və yay ayları ərzində Ukrayna ordusu Rusiyanın Avropa hissəsində yerləşən NEZ-lərə qarşı hücumların intensivliyini kəskin şəkildə artırıb. Ardıcıl zərbələr nəticəsində hazırda Rusiyanın bir çox regionlarında ciddi yanacaq və logistika qıtlığı qeydə alınmaqdadır. Omsk əməliyyatı isə Ukrayna dronlarının artıq Sibirin dərinliklərindəki hədəfləri də tam dəqiqliklə məhv etmək gücündə olduğunu nümayiş etdirir.

Rasim Əliyev

“AzPolitika.info”