Rusiya ilə davam edən müharibədə Ukraynaya kömək etmək üçün bütün müttəfiqlər əlindən gələni etməlidir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte Ankarada NATO sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müttəfiqlər Ukraynanın lazım olan hər şeylə təmin edildiyindən əmin olmalıdır.

Ruttenin sözlərinə görə, Rusiya müharibədə qalib gələ bilməyib: "Putin hər ay döyüş meydanında 35 min hərbçi itirir. Bu, Rusiyadakı ailələr üçün acı xəbərdir".

Baş katib NATO-nun Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Rutte Rusiyanın Ukrayna şəhərlərinə pilotsuz uçuş aparatları və raket hücumlarını davam etdirdiyini vurğulayaraq, Kiyevin xüsusilə Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyac duyduğunu qeyd edib.

Baş katib əlavə edib ki, NATO Sammitinin Müdafiə Sənayesi Forumunda on milyardlarla dollar dəyərində yeni müdafiə müqavilələri elan olunacaq və bu, alyansın müdafiə imkanlarını gücləndirəcək.