İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Yeni Azərbaycan Partiyasından verilən xəbərə görə, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.

Daha sonra İlqar İlyasovun partiyanın Qaradağ, Vüsalə Əliyevanın Sədərək, Nicat Ələkbərovun Şahbuz, Zamir Güvəndiyevin Şəmkir, Emil Tağıyevin Xaçmaz və Kamran Əmirovun Qusar rayon təşkilatına sədr təyin edilməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək namizədliyi irəli sürülən şəxslərin bu vəzifəyə layiq olduqlarını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

Yeni təyin olunmuş şəxslər göstərilən etimada görə partiyanın Sədri, dövlət başçısı İlham Əliyevə dərin təşəkkürlərini ifadə edərək öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün çalışacaqlarını bildiriblər.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.