Şimali Atlantika Alyansının bu gün Ankarada başlayacaq və iki gün davam edəcək tarixi sammiti ərəfəsində NATO-nun Avropa üzvləri on milyardlarla dollar dəyərində yeni silah müqavilələri imzalayacaqlarını elan etməyə hazırlaşırlar. Avropa hökumətləri bu addımla ABŞ-nin müdafiə xərclərini artırmaq tələblərinə əməl etdiklərini nümayiş etdirmək niyyətindədirlər.

ABŞ Prezidenti Donald Trampın sammit çərçivəsində ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü planlaşdırılır. Daha sonra o, müttəfiq ölkələrin dövlət başçılarının qatılacağı əsas toplantıya qoşulacaq. Zirvə çərçivəsində, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əş-Şaraa ilə də mühüm görüşlərin keçirilməsi nəzərdə tutulub.

NATO Baş katibi Mark Rutte Ankarada jurnalistlərə açıqlamasında Avropa ölkələrinin müdafiə xərclərini “heyrətamiz” səviyyədə artırdığını vurğulayıb. Rutte bildirib ki, bu artım təkcə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra yaranan təhlükəsizlik qayğıları ilə bağlı deyil, həm də Trampın bu məsələdəki qətiyyətli mövqeyinin nəticəsidir: “Biz hazırda sabit və Birləşmiş Ştatların ədalətli olduğunu bildiyi bir ittifaq qururuq”.

Məlum olduğu kimi, Tramp Avropa ölkələrini müdafiə məsələlərində ABŞ-dan asılı olmaqda ittiham edirdi. İranla müharibənin başlamasından sonra isə Vaşinqton NATO müttəfiqlərini kifayət qədər dəstək verməməkdə günahlandıraraq, Avropadakı hərbi kontingentini azaldacağını bəyan etmişdi.

Müdafiə xərclərinin artırılması fonunda konkret addımlar artıq atılır. Niderlandın Müdafiə naziri Dilan Yeşilgöz "Reuters"ə verdiyi açıqlamada ölkəsinin hava hücumundan müdafiə sahəsində Belçika, hərbi dəniz qüvvələri sahəsində isə Böyük Britaniya ilə müştərək olmaqla, ümumi dəyəri 3 milyard avrodan çox olan yeni proqram və müqavilələr elan edəcəyini bildirib.

Bundan əlavə, alyansın köhnəlmiş ABŞ istehsalı olan AWACS uzaq mənzilli radar-kəşfiyyat təyyarələrini İsveçin "Saab" şirkətinə məxsus "GlobalEye" təyyarələri ilə əvəzləməyi planlaşdırdığı barədə məlumatlar yayılıb.

“AzPolitika.info”