Ermənistan İstintaq Komitəsi "Çiçəklənən Ermənistan" Partiyasının lideri, tanınmış iş adamı Qagik Tsarukyanın barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə bu gün hakim Qarik Abelyanın sədrliyi ilə vəsatətə baxacaq.

Müdafiə tərəfinin verdiyi məlumata görə, ötən gün Tsarukyanın şəxsi mülkündə təxminən 12 saat davam edən axtarış aparılıb. Axtarışdan sonra o, saxlanılaraq İstintaq Komitəsinə, gecə saatlarında isə təcridxanadan məhkəməyə gətirilib.

İstintaq Komitəsi Tsarukyanın xüsusilə külli miqdarda dələduzluqda və çirkli pulların yuyulmasında iştirak və yardım etməkdə ittiham olunduğunu bəyan edib. Eyni cinayət işi çərçivəsində daha bir nəfərin də həbs edildiyi bildirilir.

Tsarukyanın vəkili isə irəli sürülən ittihamları "cəfəngiyat və gülünç" adlandırıb. Vəkil iddia edir ki, Tsarukyanın və ya onunla əlaqəli şirkətlərin zərərçəkmiş kimi tanınmalı olduğu bir işdə, müvəkkilinə qanunsuz olaraq təqsirləndirilən şəxs statusu verilib.

“AzPolitika.info”