NATO-nun 20 üzv ölkəsi "Drone Edge" təşəbbüsü çərçivəsində qarşıdakı beş il ərzində pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə sistemlərinin inkişafına 40 milyard ABŞ dolları sərmayə yatıracaq.

"AzPolitika" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte NATO Zirvəsi çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda bildirib.

Onun sözlərinə görə, "Drone Edge" təşəbbüsü çərçivəsində növbəti beş il ərzində pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə sistemlərinin istehsalına 40 milyard dollar həcmində investisiya yönəldiləcək:

"NATO 2027-ci ilədək pilotsuz uçuş aparatlarının operatorlarının hazırlanması imkanlarını da beş dəfə artıracaq. Təşəbbüsə Alyansın 20 üzv dövləti qoşulub. Bu ölkələr artıq pilotsuz uçuş aparatları operatorlarının hazırlanması üçün 16 təlim mərkəzi yaradıblar".

M.Rutte əlavə edib ki, yaxın vaxtlarda pilotsuz sistemlərə qarşı mübarizə vasitələrinin satın alınması üçün kommersiya platforması da fəaliyyətə başlayacaq.(Teleqraf)