Sevinc Həbibova: “Uşaqlar mobil telefonlarını sanki öz doğmalarından daha çox sevirlər”
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi və gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların internet mühitində təhlükəsizliyinin qorunması dövlətlər üçün prioritet məsələlərdən biri hesab olunur. Azərbaycan da beynəlxalq təcrübəni və ölkədaxili reallıqları nəzərə alaraq bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində yeni addımlar atır.
Bu çərçivədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, eləcə də "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda şəxsi hesab yaratmasına yol verilməyəcək. Eyni zamanda qanun qüvvəyə mindikdən sonra internet provayderləri mövcud istifadəçi hesablarının yaş meyarına uyğunluğunu yoxlamalı olacaqlar. İstifadəçi 16 yaşını təsdiq edən məlumat təqdim etmədiyi halda həmin hesablar, eləcə də onlara aid fərdi məlumatlar silinəcək.
Sosial şəbəkələr və rəqəmsal platformalar uşaqlar üçün ünsiyyət qurmaq, bilik əldə etmək və özlərini inkişaf etdirmək baxımından geniş imkanlar yaratsa da, bu mühit müəyyən risklər də daşıyır. Kiberzorakılıq, yalan məlumatların yayılması, zorakılıq və aqressiya elementləri ehtiva edən məzmun, qumar oyunlarının təbliği, eləcə də şəxsi məlumatların qorunması ilə bağlı təhlükələr həm valideynləri, həm də aidiyyəti dövlət qurumlarını narahat edən əsas problemlər sırasında yer alır.

Bu barədə psixoloq Sevinc Həbibova “AzPolitika”ya açıqlamasında bildirib ki, ilk növbədə valideynlərin övladları ilə dost olması vacibdir:
“Uşaqlara zaman ayırmaq, onları hər hansı bir dərnəylərə aparmaq - rəqsə, rəsmə və digər bu kimi fəaliyyətlərə yönəltmək lazımdır. Bu zaman inanın ki, heç bir uşağın sosial şəbəkələrə ayırmağa vaxtı qalmaz. Məktəb başlayanda məktəbə yollanarlar, sonra hazırlıq və dərnəklərə qatılarlar. Amma nə yazıq ki, bugünkü gündə ata və ana işdə olduğundan əksər uşaqlar valideynsiz qalırlar. Tək qalan uşaqlar bu zaman sosial şəbəkələrə yönəlirlər”.
Psixoloq son dönəmlər sosial şəbəkələrdə geniş vüsət almış zərərli məlumatlardan da danışıb: “Son vaxtlar sosial şəbəkələrdə intihar tipli xəbərlərin geniş yayıldığını görürük. Təəssüf ki, azyaşlılar sosial şəbəkələrdə bu tip xəbərlərlə rastlaşırlar. Mən istəyərdim ki, bu səbəbdən sosial şəbəkələrdən azyaşlıların istifadəsi ilə bağlı qadağa tətbiq olunsun. Çünki orada zərərli məlumatlar kifayət qədərdir. Bu məsələ rəsmi qaydada təsdiq olunsaydı ki, məsələn, “bu yaşa qədər azyaşlıların sosial şəbəkələrdən istifadəsi edə bilməzlər” bax bu, çox gözəl olardı. Yəqin ki, siz də görürsünüz bu gün uşaqlarımız ünsiyyətdən kənar qalıblar. Söz soruşan zaman bəzən cavab verməzlər, mobil telefonlarını sanki öz doğmalarından daha çox sevirlər”.
S. Həbibova həmçinin bildirib ki, sosial şəbəkələrin mənfi tərəfləri ilə yanaşı, müsbət yanları da var: “Biz bu gün bir çox vacib xəbərləri məhz sosial şəbəkələr vasitəsilə alırıq. Ancaq dediyim kimi, burada mənfi xəbərlərlə də rastlaşmaq mümkündür. Ona görə də br daha valdeynlərə tövsiyə edərdim ki, uşaqları ilə daha çox vaxt keçirinlər. Onlarla daim ünsiyyətdə olub, birlikdə müəyyən fəaliyyətlər icra etsinlər”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər