ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edir.
"Report" xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
Məlumata görə, yeni əqdlər iyulun 7-dən qadağan edilib, köhnə əqdləri isə iyulun 17-dək başa çatdırmaq mümkündür.
Daha əvvəl Vaşinqton "İsveçrədə davam edən məhsuldar danışıqlara uyğun olaraq" 2026-cı il avqustun 21-dək İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının istehsalı, tədarükü və satışı üçün lisenziya vermişdi.
Daha əvvəl UKMTO Hörmüz boğazı yaxınlığında üç tankerə edilən hücumlar barədə məlumat vermişdi. Daha sonra Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) İranın Səudiyyənin "Wadiyan" tankerinə və Qətərin "Al Rekayyat" gəmisinə hücum etdiyini bildirərək Tehranın hərəkətlərini qətiyyətlə pisləyib. Qurumdan vurğulanıb ki, bu cür hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və qlobal enerji daşıyıcıları təchizatı zəncirləri üçün təhlükə yaradır. Qətər XİN insidentlə əlaqədar İranın Dohadakı səfirinin müavinini çağıraraq ona etiraz notası təqdim edib.
İranın IRIB teleradio şirkətinin iddiasına görə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə boğazdan keçməyə cəhd edib və "dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün" hədəfə çevrilib.

Şərhlər