Son günlər Ukrayna zərbələri qarşısında aciz qalan və bundan çox böyük ziyan görən Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsi mövzusu tez-tez gündəmə gətirilir. Xüsusilə Kreml təbliğatçıları, “Z-kanallar”, imperiyaçı “politoloqlar” və s. Ukraynaya taktiki nüvə bombası atmağın və bununla onu kapitulyasiyaya məcbur etməyin vaxtının çatdığını bəyan edirlər.

“AzPolitika” xəbər verir ki, tanınmış rusiyalı jurnalist və ssenarist Aleksandr Nevzorov son efirində Ukraynanın Rusiyanın nüvə zərbəsinə necə cavab verə biləcəyini izah edib.

Nevzorov deyib ki, Ukraynaya nüvə bombası atmağa çağıran “Z-patriotlar” qarşı tərəfin cavabının nə qədər dəhşətli olacağını anlamırlar: “Putinin etdikləri Rusiyanın vaxtından əvvəl süqutuna 100 faizlik təminat verir. Onun təbliğatı isə getdikcə daha tez-tez nüvə silahını yada salır… Lakin bir vacib faktor nəzərə alınmır. Qədim bir ifadə var: “Şüşədən olan evdə yaşayanlar başqa evlərə daş ata bilməz”. “Flamingo” və digər uzaqmənzilli silahların meydana çıxmasından sonra indi Ukraynanın da nüvə silahı var. Özü də o, rus nüvəsindən də dəhşətlidir. Bu hansı silahdır? Bu, Rusiyadakı 11 Atom Elektrik Stansiyasıdır(AES), bu, həmin AES-lərdəki 36 enerji blokudur, bu, həmin AES-lərdə dövriyyədə olan 5500 ton urandır. Hələ kiçik elmi araşdırma reaktorları, uran zənginləşdirən müəssisələri və s. demirik. Və bütün bunlar neft emalı zavodlarından da çox müdafiəsiz və həssasdır.

Məsələn, “Flamingo” ilə Leninqrad AES-ə endiriləcək bircə zərbə Sankt-Peterburqun tamamilə evakuasiya edilməsinə və bu ərazinin təxminən 13 min illik “ölü zona”ya çevrilməsinə gətirib çıxaracaq… Hələ Moskvanın qonşuluğunda Kalinin AES var, Kursk, Smolensk və s. AES-lər də öz yerində. Özü də bu hadisələr Çernobıldakından daha dinamik olacaq. Çünki Çernobıldakı hadisə axmaqlıqdan və özü-özünə baş vermişdi. Lakin bir AES-ə böyük partlayıcı gücü olan böyük raket düşürsə, hər şey daha “canlı və şən” olacaq. Odur ki, öz nüvə arqumentilə bağlı Kremlin ağzını yumması və bu arqumenti unutması lazımdır”.

“AzPolitika.info”