İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Tehranı regionda narahat edən bir sıra mühüm məqamlara toxunub.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, səfir Ermənistan-İran münasibətlərinin gündəmində duran əsas məsələlərdən birinin TRIPP layihəsi olduğunu bildirib: “TRIPP layihəsindən qaynaqlanan risklərin idarə edilməsi və mümkün çətinliklərin aradan qaldırılması Ermənistan-İran əlaqələrinin əsas müzakirə mövzuları arasındadır”.

Diplomat Ermənistanın ABŞ ilə sülh memorandumunu imzalamasından hələ 20 gün belə keçmədiyini, lakin bu qısa müddət ərzində sənədin müddəalarının artıq bir neçə dəfə pozulduğunu iddia edib.

İranın sərhədləri yaxınlığında amerikalıların mövcudluğundan ciddi narahatlıq keçirdiyini vurğulayan Şirqolami deyib: “Bu səbəbdən, İranın öz sərhədlərinə yaxın ərazilərdə amerikalıların olması ilə bağlı narahatlığı tamamilə legitimdir, məntiqlidir və bu narahatlıqlara açıq şəkildə cavab verilməlidir”.

Ermənistan hökuməti isə bu layihənin icrası və ABŞ-nin bölgədəki varlığı nəticəsində İran üçün hər hansı bir təhdid və ya çətinliyin yaranmayacağına dair rəsmi Tehrana təminat verib.

Buna baxmayaraq, İran səfiri şərtlərin aydınlaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb: “İnanıram ki, Ermənistanın blokadanın açılması potensialını tam reallaşdıra biləcəyi bir mexanizm yaratmalıyıq. Lakin eyni zamanda, ABŞ-ın varlığından doğan mümkün risklər və İrana yönəlmiş hər hansı bir təhdid açıq şəkildə idarə olunmalı, bu suallara konkret cavab tapılmalıdır”.

Rasim

“AzPolitika.info”