NATO alyansın Finlandiyadan Rumıniyaya qədər olan şərq sərhədləri üçün vahid rəqəmsal müşahidə sistemi yaratmağı planlaşdırır.

"AzPolitika" xəbər verir ki, bu Alyansın Şərq Qanadı Çəkindirmə Təşəbbüsü sənədində qeyd olunub.

"Layihənin məqsədi Rusiya qoşunlarının hərəkətlərini real vaxtda izləmək və mümkün hücumun əvvəlcədən qarşısını almaqdır," məlumatda deyilir.

Bunun üçün NATO peyklər, dronlar, yer sensorları və robotlardan istifadə etməyi planlaşdırır, əldə olunan məlumatlar süni intellekt tərəfindən analiz edilərək eyni anda alyansın bütün ölkələrinə ötürüləcək.

"Sənədlərdə bu sxem Kill Web adlanır: komandirlər böyük mənzərəni görə biləcəklər və təhlükəni dron, artilleriya, raket sistemi, elektron müharibə və ya kiberhücum vasitəsilə dayandıracaqlarını seçə biləcəklər," - deyə bildirilib.

"NATO vurğulayır ki, yeni sistem tankları, təyyarələri, artilleriyanı və əsgərləri əvəz etməyəcək, lakin komandirlərə daha çox vaxt verməklə qoşunların döyüş qabiliyyətini qoruyacaq. Plana əsasən, şərq cinahında hücum halında əvvəlcə dronlar, yer robotları və digər avtonom sistemlər, sonra adi bölmələrin hərəkət edəcəyi zona yaranacaq," sənəddə qeyd edilib.