Moskva Qarnizon Hərbi Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin Qoşun Xidməti və Hərbi Xidmətin Təhlükəsizliyi İdarəsinin polkovniki Yuri Zaxarenko və polkovnik-leytenant Mixail Baranovu korrupsiya işi üzrə təqsirli bilərək barələrində həbs qərarı çıxarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə "Mediazona" layihəsi məlumat yayıb.

Məhkəmənin hökmü ilə polkovnik Y.Zaxarenko 8 il müddətinə ümumi rejimli, polkovnik-leytenant M.Baranov isə 10 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib. Hər iki zabit məhkəmə zalındaca həbs olunub.

İstintaqın versiyasına görə, zabitlər orduya "Straj" siqnalizasiya komplekslərinin tədarükünə dair təxminən 300 milyon rublluq (təxminən 3,2 milyon dollar) müqavilənin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham tərəfi iddia edir ki, qoşunlara verilən sistemlər müqavilədə nəzərdə tutulan, silah saxlanılan otaqların açılması barədə SMS-bildiriş göndərməli olan GSM-modulları ilə təmin edilməyib.

Təqsirləndirilən şəxslərin müdafiə tərəfi isə Zaxarenko və Baranovun yalnız texniki tapşırığı hazırladıqlarını, müqavilənin bağlanması barədə qərar vermədiklərini bildirib. Vəkillər həmçinin istintaqın zabitlərin hər hansı rüşvət və ya maddi qazanc əldə etdiyinə dair heç bir sübut təqdim edə bilmədiyini vurğulayıblar.

Bundan əlavə, polkovnik Yuri Zaxarenko Rusiyada "ekstremist təşkilat" kimi tanınan, Aleksey Navalnının əsasını qoyduğu Korrupsiya ilə Mübarizə Fondunu (FBK) maliyyələşdirməkdə də təqsirli bilinib. İttihama görə, o, fondun hesabına 7 min rubl köçürüb. Zaxarenko özü bu ianəni təsadüfən etdiyini desə də, vəkili müvəkkilinin hər hansı ekstremist baxışlara sahib olmasının sübuta yetirilmədiyini diqqətə çatdırıb.

“AzPolitika.info”