Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyun ayı ərzində pilotsuz uçuş aparatları (PUA) və yerüstü robotlaşdırılmış komplekslərin fəaliyyətinin yekunlarına dair rəsmi hesabat yayıb.
“AzPolitika” xəbər verir ki, hesabatda PUA-ların düşmən potensialının zəiflədilməsində və ukraynalı hərbçilərin həyatının xilas edilməsində prioritet istiqamət olduğu vurğulanıb. Məlumatda iyun ayı üzrə qeydə alınan əsas statistik göstəricilər və may ayı ilə müqayisəli təhlil əksini tapıb.
İyun ayı ərzində Ukrayna Müdafiə Qüvvələrinin pilotsuz aviasiya kompleksləri 437 mindən çox döyüş missiyası yerinə yetirib. Nəticədə rəqibin 200 mindən çox təsdiqlənmiş hədəfi sıradan çıxarılıb (may ayında bu göstərici 180 minə yaxın olub). Hesabata görə, təkcə iyun ayında pilotsuz sistemlərin köməyi ilə 28 minə yaxın rus hərbçisi vurulub.
Ukrayna ordusu FPV dronlarının tətbiqində rəqib üzərindəki üstünlüyünü artırmaqda davam edir. İyunda effektiv zərbələrin nisbəti Ukraynanın xeyrinə 1.6-nın 1-ə olub (mayda bu nisbət 1.5-in 1-ə idi).
"Middle Strike" (orta mənzilli zərbələr) istiqamətində də ciddi artım qeydə alınıb: may ayındakı 2 min zərbəyə qarşı, iyunda 3,4 minə yaxın hədəf vurulub.
"Deep Strike" (böyük məsafəli/strateji zərbələr) seqmentində isə rəqibin operativ və strateji arxa cəbhəsində yerləşən 172 mühüm hədəf məhv edilib. Ukrayna Baş Qərargahı bu zərbələrin intensivliyinin gələcəkdə daha da artacağını bəyan edib.
Cəbhədə yerüstü robotlaşdırılmış komplekslərin (YRK) miqyası da genişləndirilir. Logistika, yaralıların təxliyəsi və birbaşa döyüş tapşırıqlarının icrası üçün nəzərdə tutulan bu robotlar iyunda 17 minə yaxın tapşırıq icra edib (mayda bu rəqəm 12.5 min olub).
Baş Qərargah həmçinin radioelektron mübarizə (REM) sistemlərinin təkmilləşdirilməsi, dəniz taxıl dəhlizinin təhlükəsizliyinin təmini və sahil xəttinin mühafizəsi istiqamətində pilotsuz komplekslərin rolunu artırır.
Açıqlamada qeyd olunur ki, rəqibin logistika mərkəzləri, hərbi anbarları, idarəetmə məntəqələri və enerji infrastrukturu bundan sonra da Ukrayna PUA-larının daimi zərbə obyekti olacaq: “Ukraynanın pilotsuz sistemləri texnoloji üstünlüyünü qoruyur. Onlar daha intellektual, effektiv və uzaqmənzilli olacaq, düşmən bunu hər gün hiss edəcək”.
Rasim
“AzPolitika.info”

Şərhlər