Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etməkdə təqsirləndirilən “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovla bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sərraf Orucov qazancının müəyyən faizi dövlət nəfinə tutulmaqla 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İbtidai istintaqla “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə zərərçəkmiş şəxs qismində Ədliyyə və Müdafiə nazirlikləri tanınıb.
Təqsirləndirilən Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.

Şərhlər