ABŞ Prezidenti Donald Tramp Ankarada başlayan NATO sammitində müttəfiqlərini sərt şəkildə tənqid edib və Vaşinqtonun İrana qarşı müharibədə gözlədiyi dəstəyi ala bilmədiyini bəyan edib. 

Şimali Atlantika Alyansının Baş katibi ilə görüşən Ağ Ev rəhbəri, həmçinin Qrenlandiya ilə bağlı iddialarını yenidən gündəmə gətirərək Avropanın buna müqavimət göstərməsini "böyük problem" adlandırıb.

“AzPolitika” xəbər verir ki, Tramp çıxışında ABŞ-nin ittifaq büdcəsinə etdiyi milyardlarla dollarlıq maliyyə töhfələrini xatırladaraq müttəfiqlərinə qarşı qəzəbini gizlətməyib: “NATO-ya çox qəzəbliyəm... Həm Qrenlandiya ilə bağlı etdiklərinə görə, həm də terrorizmin bir nömrəli dövlət sponsoru olan İrana qarşı mübarizəmizdə bizə kömək etmək istəmədikləri üçün. Biz bura həddindən artıq çox - milyardlarla dollar pul ödəyirik”.

Müttəfiqlər arasında xüsusilə İspaniyanı hədəf seçən Tramp, Madridi "bərbad tərəfdaş" adlandırıb və bu ölkə ilə ticarət əlaqələrini tamamilə kəsməklə hədələyib: “İspaniya ilə iş görmək vaxt itkisidir. Onlarla artıq heç bir ticarət müqaviləsi imzalamaq istəmirik”.

Qeyd edək ki, fevral ayının sonunda başlayan İrana qarşı hərbi əməliyyatlar zamanı İspaniya ABŞ-ın ölkənin cənubunda yerləşən hərbi bazalarından istifadə etməsini qadağan etmişdi.

Rasim

“AzPolitika.info”