Şəki Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmə və xuliqanlıqda təqsirləndirilən Zamin Cavadovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qismən ləğv olunub. Zamin Cavadov təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq) maddəsi ilə ona bəraət verilib. Hökmdən CM-in 66.3-cü maddəsi ilə əlaqəli müddəalar xaric edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü təqsirləndirilən şəxsin CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə təyin edilmiş 16 il müddətə azadlıqdan məhrumetmə cəzası hissəsində və apellyasiya şikayətinə münasibətdə digər hissələrində dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisədən bir neçə gün əvvəl Zamin Cavadov Yevlax şəhərində yerləşən "Dəvəçi" qəbiristanlığında mərhum atasının məzarını ziyarət edib. Həmin vaxt o, əmisi qızı ilə birlikdə qəbiristanlığa gələn və onunla sevgi münasibətində olan zərərçəkmiş Elvin İbrahimovla qarşılaşıb.

Təqsirləndirilən şəxs əmisi qızından əvvəllər verdiyi borcun qaytarılmasını tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Zamini əmisi qızının və atasının məzarının qarşısında təhqir edib, onu şəxsiyyətini alçaldan ifadələrlə aşağıladıqdan sonra təpiklə vuraraq məzarın üzərinə yıxıb.

İstintaqın qənaətinə görə, həmin hadisədən sonra təqsirləndirilən şəxs Elvin İbrahimovdan qisas almaq və onu öldürmək qərarına gəlib.

Cinayət hadisəsi 2024-cü ilin iyun ayında, axşam saatlarında Yevlax şəhərinin mərkəzində baş verib.

Zamin Cavadov etibarnamə əsasında idarə etdiyi VAZ-2107 avtomobili ilə şəhərin Nizami prospektində hərəkətdə olarkən Elvin İbrahimovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili görüb. O, avtomobili Elvin İbrahimovun ardınca sürərək Nizami parkının yaxınlığında hərəkətini davam etdirib. Bu zaman Elvin maşınını yolun kənarında saxlayaraq qapını açıb və əl işarəsi ilə qarşı tərəfə dayanmasını göstərib.

Lakin hadisələr gözlənilməz istiqamətdə inkişaf edib. Təqsirləndirilən şəxs avtomobilinin sürətini artırıb və Elvini qəsdən vurub. Zərbənin təsirindən Elvin asfalta yıxılıb.

Hadisə zamanı avtomobil, həmçinin Elvin İbrahimovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə də dəyərək onun sol güzgüsünü sındırıb, ön və arxa qapılarını zədələyib. Nəticədə avtomobil sahibinə 300 manat məbləğində maddi ziyan dəyib.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, ilk zərbədən sonra Elvin İbrahimov sağ olub və yerdə hərəkət etməyə çalışıb. Bunu görən Zamin cinayət niyyətindən əl çəkməyib.

Belə ki, o, avtomobili irəli sürərək yaxınlıqdakı yolayrıcında geriyə dönüb, əks hərəkət istiqamətinə çıxaraq yenidən hadisə yerinə qayıdıb.

Daha sonra yüksək sürətlə hərəkət edərək yerdə köməksiz vəziyyətdə qalan Elvin İbrahimovun üzərindən avtomobillə qəsdən keçib.

İstintaq orqanının qənaətinə görə, bu hərəkət xüsusi amansızlıqla törədilib və təqsirləndirilən şəxs zərərçəkmişə ağır əzab verəcəyini əvvəlcədən dərk edib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Elvin İbrahimov hadisə nəticəsində açıq kəllə-beyin travması, kəllə tağı və üz skeleti sümüklərinin açıq sınıqları, baş beyinə qansızma, döş sümüyünün sınığı, çox sayda qabırğa sınığı, sol baldır sümüklərinin sınığı və digər ağır bədən xəsarətləri alıb.

Ekspertiza həmin xəsarətlərin həyat üçün təhlükəli olduğunu və məhz onların zərərçəkmişin ölümünə səbəb olduğunu müəyyən edib.

İş üzrə araşdırılmış sübutlara əsasən, məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs cinayəti əvvəlcədən formalaşmış qisas niyyəti ilə törədib.

Hökmdə qeyd olunub ki, o, insanların sıx olduğu ictimai yerdə avtomobili silah qismində istifadə etməklə yalnız zərərçəkmişin həyatına qəsd etməyib, eyni zamanda, ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Bu səbəbdən onun əməli həm qəsdən adam öldürmə, həm də xuliqanlıq kimi qiymətləndirilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Cavadov CM-in 120.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinib. Məhkəmə ona 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Hökmə əsasən, məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.