Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasından sonra jurnalistlərə bəyan edib ki, Rusiyanın Baş naziri Mixail Mişustinlə keçirdiyi görüşdə bir sıra mühüm razılaşmalar əldə olunub. Lakin Baş nazir müzakirə edilən razılaşmaların detallarına toxunmaqdan yayınıb.

Xüsusilə, jurnalistlərin Rusiya hökumət başçısı ilə görüşdə Avrasiya İqtisadi İttifaqı (AVRASİYA/Aİİ) çərçivəsində Ermənistana qarşı tətbiq edilən məhdudiyyətlərin müzakirə edilib-edilməməsi barədə sualına cavab olaraq Paşinyan belə deyib: “Rusiya hökumətinin rəhbəri ilə Aİİ barəsində açıq, səmimi və dostyana bir görüşümüz oldu və bir sıra razılaşmalar əldə etdik”.

Qeyd edək ki, Ermənistanın Baş naziri iyulun 6-da Yekaterinburqda rusiyalı həmkarı ilə bir araya gəlib. Bu, Ermənistanda keçirilən 7 iyun parlament seçkilərindən sonra Baş nazirin Rusiyaya ilk işgüzar səfəri olub.

Paşinyanın Yekaterinburq səfəri Rusiyanın son aylarda Ermənistan məhsullarının idxalını bloklamaq qərarlarından sonraya təsadüf edir. Xatırladaq ki, Moskvanın həmin qərarları nəticəsində bir çox Ermənistan şirkəti öz məhsullarını Rusiyaya və bu ölkə vasitəsilə digər bazarlara ixrac etmək imkanından məhrum olmuşdu.

“AzPolitika.info”