Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Krımda elektrik təchizatı dörd gündür ki, kəsilib.
“AzPolitika” xəbər verir ki, bu barədə məlumat yayan “Krımenerqo” Armyansk, Cankoy, Krasnoperekopsk şəhərlərində, eləcə də Cankoy və Krasnoperekopsk rayonlarında elektrik enerjisinin tamamilə kəsildiyini bildirib.
Yevpatoriya, Kerç, Saki, Simferopol, Sudak, Feodosiya kimi iri şəhərlərdə, eləcə də Beloqorsk, Kirovski, Krasnoqvardeyski, Leninski, Razdolnenski, Sakski və Sovetski rayonlarında elektrik enerjisi mərhələli şəkildə kəsilir. Nijneqorski və Pervomayski rayonlarında da əlavə məhdudiyyətlər tətbiq edilib.
Yarımadanın 29 şəhər və rayonundan 18-də elektrik təchizatı problemləri davam edir. “Krımenerqo” uzun müddətli elektrik kəsintisini Ukrayna Silahlı Qüvvələrinin elektrik şəbəkəsi qurğularına zərbələri ilə əlaqələndirib və bərpa işlərinin gecə-gündüz davam etdiyini bildirib.
Qeyd edək ki, son olaraq dünən gecə Ukrayna Silahlı Qüvvələri Simferopoldan 90 km məsafədə yerləşən Nijneqorskaya yarımstansiyası və Kerç yaxınlığındakı NS-3 yarımstansiyası da daxil olmaqla altı elektrik yarımstansiyasına hücum edib. Tavriçeskaya İstilik Elektrik Stansiyası və Simferopol İstilik Elektrik Stansiyası da zərbələrə məruz qalıb. Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin rəhbəri Robert Brovdinin sözlərinə görə, iyulun 1-dən 8-dək yarımadada ümumilikdə 50 elektrik stansiyası zərbə alıb.
Elektrik kəsintiləri yarımadada içməli su təchizatını da çətinləşdirib. Bir çox şəhərlərdə su kəsintisi qeydə alınır.
“AzPolitika.info”

Şərhlər