Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) həbsdə olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyana məxsus “Multi Wellness Center” (Çoxfunksiyalı Sağlamlıq Mərkəzi) idman kompleksində xüsusilə külli miqdarda vergidən yayınma faktının aşkarlandığını elan edib. Paralel olaraq, Baş nazir Nikol Paşinyan oliqarxın digər nəhəng müəssisəsi olan "Araratsement" zavodunun dövlət mülkiyyətinə keçə biləcəyinə işarə vurub.
Komitənin rəsmi açıqlamasında qeyd olunur ki, sözügedən idman kompleksi 2023-2024-cü illər ərzində vergi hesabatlarında təxminən 2,6 milyard dramlıq (təqr. 6,7 milyon dollar) dövriyyəni gizlədib. Nəticədə 832 milyon dramdan (təqr. 2,1 milyon dollar) çox vergi öhdəliyi hesablanmayıb və dövlət bütçəsinə ödənilməyib.
Əməliyyat-istintaq tədbirləri zamanı vergi yükünü süni şəkildə azaltmaq üçün fəaliyyətin bir hissəsinin güzəştli vergi rejimində işləyən keçmiş əməkdaşların adına rəsmiləşdirilmiş hüquqi şəxslər vasitəsilə həyata keçirildiyi də bəlli olub. Bu mexanizmlə bütçəyə ümumilikdə 849 milyon dram (təqr. 2,2 milyon dollar) ziyan vurulduğu bildirilir. Tsarukyanın vəkilləri hələlik bu ittihamlara cavab verməyiblər.
Baş nazir Nikol Paşinyan jurnalistlərə açıqlamasında Tsarukyan ailəsinə məxsus "Araratsement" şirkətinin yaxın gələcəkdə dövlət mülkiyyətinə keçəcəyini elan edib. O, "Zəngəzur Mis-Molibden Kombinatı" nümunəsini xatırladaraq qətiyyətli addımlar atılacağını vurğulayıb: “Sizə Zəngəzur kombinatı nümunəsini xatırlatmaq istəyirəm. Qafanda göstərişlə hərəkət edənlərin işdən qovulacağını iyun ayında demişdim, avqustda işdən çıxarıldılar və bəziləri barəsində cinayət işi açıldı”.
Paşinyan "Araratsement"in işçilərinə müraciət edərək siyasi oyunlara alət olmamağı tapşırıb: “Bu cür hərəkətlərə əl atanlar, yəni insanlara təzyiq göstərənlər işdən qovulacaqlar”.
Digər tərəfdən, "Araratsement" zavodunun fəhlələri müəssisənin artıq dörd gündür fəaliyyətini dayandırmasına etiraz olaraq bu gün səhər saatlarında binanın qarşısına toplaşıblar. İşçilərin sözlərinə görə, hüquq-mühafizə orqanları onların növbəsi zamanı fabrikə gələrək axtarış aparıb, heç bir izahat vermədən inzibati binanı möhürləyib və oranı tərk ediblər.
Müxalifət liderinin evində aparılan axtarışlar və onun həbsi ilə paralel olaraq, Tsarukyan ailəsinə məxsus demək olar ki, bütün iri müəssisələrin fəaliyyəti dayandırılıb. Hazırda İrəvandakı "Ararat" konyak, şərab və araq zavodu, "Multi Stone", "Multi Wellness", "Olimpavan" idman kompleksi və "Pharaoh" restoranı da hüquq-mühafizə orqanları tərəfindən möhürlənib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər