İyulun 9-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir neçə regionunda yanacaq infrastrukturu obyektlərinə növbəti kütləvi zərbələrini endirib. 

“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, Tver vilayəti və Stavropol diyarındakı neft bazaları, həmçinin Taqanroq körfəzindəki iki tanker hədəf alınıb.

Tver vilayətinin qubernatoru Vitali Korolyov hücumdan sonra "Tvernefteprodukt" neft bazasının rezervuarlarından birində yanğın başladığını bəyan edib. Onun sözlərinə görə, yanğını lokallaşdırmaq mümkün olub, xəsarət alan yoxdur. "ASTRA" nəşrinin məlumatına görə, müəssisənin bəzi rezervuarları əvvəlcədən antidron torları ilə təchiz edilsə də, bu, zərbənin qarşısını almağa kömək etməyib.

Stavropol diyarında isə Vəznik (Vyazniki) xutorundakı neft bazasının ərazisində yanğın baş verib. Region rəhbəri Vladimir Vladimirov əvvəlcə sənaye obyektində yanğın olduğunu desə də, sonradan alovun yanacaq rezervuarlarına keçdiyini dəqiqləşdirib. Yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub. Məlumata görə, söhbət "LUKOYL-Yugnefteprodukt" neft bazasının yaxınlığında yerləşən irihəcmli neft anbarından gedir.

Rostov vilayətində ardıcıl ikinci gündür ki, Taqanroq körfəzindəki tankerlər hücuma məruz qalır. Qubernator Yuri Slyusar iki gəmiyə mexaniki ziyan dəydiyini və hər ikisində yanğın başladığını bildirib. Heyət üzvləri təxliyə edilib, xəsarət alan yoxdur.

Rusiyanın Xerson vilayətinə təyin etdiyi oyuncaq administrasiyanın rəhbəri Vladimir Saldo energetika infrastrukturu obyektlərinə endirilən zərbələrdən sonra Rusiya qoşunlarının nəzarətindəki bütün dairələrdə elektrik enerjisinin verilişinin tamamilə və ya qismən kəsildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində hava hücumundan müdafiə (HHM) qüvvələrinin 11 region, ilhaq edilmiş Krım və Azov dənizi üzərində Ukraynaya məxsus 73 PUA-nı vurduğunu iddia edib.

Qeyd edək ki, son aylarda Ukrayna dronları Rusiyanın neft infrastrukturuna müntəzəm zərbələr endirir və ölkənin bütün iri neftayırma zavodları artıq hədəfə çevrilib. Nəticədə Rusiyada yanacaq böhranı dərinləşməkdə davam edir və demək olar ki, bütün regionlarda benzinin satışına məhdudiyyətlər tətbiq olunur.

Rasim

“AzPolitika.info”