İtaliya Baş naziri Corcia Meloni NATO Zirvəsindən sonra keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp haqqında verilən suala reaksiyası ilə diqqət çəkib.
"AzPolitika" xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Corcia Meloni, Donald Tramp barədə sual səsləndirilməzdən əvvəl bir stəkan suyu birnəfəsə içməsi ilə kameraların diqqətini cəlb edib. Həmin anlar qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Daha sonra jurnalistlər Donald Trampın onun haqqında işlədiyi "Dayandırma əmri lazımdır" ifadəsini xatırladaraq münasibətini öyrənmək istəyiblər. Corcia Meloni isə mövzu ilə bağlı uzun danışmaq istəmədiyini bildirərək qısa cavabla kifayətlənib.
İtaliya Baş naziri Donald Trampla münasibətlərinə görə peşman olub-olmadığı barədə suala da aydınlıq gətirib. O, indiyədək verdiyi heç bir siyasi qərardan peşman olmadığını vurğulayıb və mövqeyinin Qərbin birliyinə inamına əsaslandığını bildirib.
Corcia Meloni çıxışı zamanı Yaxın Şərqdəki vəziyyətə də toxunaraq, İtaliyanın İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyini bir daha bəyan edib. Baş nazir problemin hərbi deyil, diplomatik yollarla həllinin vacibliyini vurğulayaraq beynəlxalq ictimaiyyəti dialoqa üstünlük verməyə çağırıb.(milli.az)

Şərhlər