"Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq. Sərhədlərin delimitasiyası və eksklavlar məsələsi isə birmənalı olaraq Alma-Ata Bəyannaməsi əsasında həll ediləcək".
"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və anklavların qaytarılması ilə bağlı tələblərini şərh edərkən bildirib.
Baş nazir vurğulayıb ki, rəsmi İrəvan öz daxili məsələlərini xarici siyasət arenasında müzakirə etmək niyyətində deyil və bu, hökumətin prinsipial mövqedir. N. Paşinyanın sözlərinə görə, Konstitusiya islahatları hakim partiyanın seçkiqabağı proqramının tərkib hissəsidir və son seçkilərdə bu kursu 726 min vətəndaş dəstəkləyib.
Sərhədin delimitasiyası, eləcə də anklav/eksklav probleminin tənzimlənməsi mövzusuna toxunan baş nazir qeyd edib ki, Ermənistan da bu məsələnin həllində Azərbaycan qədər maraqlıdır. O, Ermənistana məxsus olan Başkənd kəndinin de-fakto Azərbaycanın nəzarətində olduğunu xatırladıb.
Nikol Paşinyan eksklav probleminin həlli üçün iki mümkün variantı açıqlayıb:
Ərazilər SSRİ dağılan dövrdə hüquqi olaraq hansı ölkəyə məxsus idisə, elə həmin ölkənin də suveren tərkibində qalır və tərəflər qarşılıqlı şəkildə bu reallığı qəbul edirlər;
Tərəflər sərhədboyu ekvivalent (bərabər) sahəyə malik ərazilərin bir-biri ilə dəyişdirilməsi barədə yekun razılığa gəlirlər.
Rasim
"AzPolitika.info"

Şərhlər