Nazirlər Kabineti "Qazdan istifadə Qaydaları"nı təsdiq edib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Təsdiq olunmuş qərara uyğun olaraq, istehlakçının tikinti obyektinin qaz təchizatı məqsədilə qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi "ASAN Kommunal" mərkəzlərinin hələ fəaliyyətə başlamadığı regionlarda bu mərkəzlər yaradılanadək "ASAN xidmət" mərkəzləri vasitəsilə təmin olunacaq.

Bundan əlavə, qaydalarda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə icra edilməsi nəzərdə tutulan prosedurların təşkilatı hazırlığı tamamlananadək həmin prosedurlar birbaşa qaydada, poçt və ya elektron poçt yolu ilə yerinə yetiriləcək.

Həmçinin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" əvvəlki qərarı qüvvədən düşmüş hesab edilib.

Bundan başqa, Nazirlər Kabineti "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları"nı təsdiq edib.

Binaların enerji effektivliyinə dair pasportlaşdırma prosesində Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 saylı Qərarı əsasında təsdiq olunmuş "Binalar üçün minimum enerji effektivliyi Normaları"nda təsbit edilmiş enerji effektivliyi sinifləri, həmçinin binalarda enerji istehlakının hesablanması metodologiyası əsas götürüləcək. Göstərilən yaşayış və qeyri-yaşayış təyinatlı binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyır. Pasportlaşdırılması məcburi hesab edilməyən digər bina və tikililərin enerji effektivliyi pasportu isə həmin binanın (tikilinin) mülkiyyətçisi və ya idarəedicisi tərəfindən könüllü qaydada əldə olunur.