Rusiya və Çin hərbi sahədəki əməkdaşlığı gizli şəkildə daha da gücləndirir və ABŞ-ın "Starlink" peyk sisteminə qarşı mübarizə yollarını müzakirə edir. 

"AzPolitika" xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" nəşrinin apardığı genişmiqyaslı jurnalist araşdırmasında bildirilib.

Rusiya, Fransa və Almaniyadan olan müxbirlərin birgə araşdırmasına görə, Moskva ilə Pekin arasında real hərbi tərəfdaşlığın miqyası beynəlxalq ictimaiyyətə məlum olandan qat-qat böyükdür. Jurnalistlər bildirirlər ki, onların sərəncamına tərəflərin daxili təqdimatları, işçi qruplarının məxfi sənədləri və birgə layihələrdə iştirak edən şəxslərin siyahıları daxil olub.

Bu strateji tərəfdaşlığın əsas platforması kimi artıq bir neçə ildir fəaliyyət göstərən gizli Rusiya-Çin hərbi forumu çıxış edir. Araşdırmada vurğulanır ki, birgə görüşlərin əsas məqsədi ABŞ-nin qlobal hərbi-texnoloji üstünlüyünü qırmağın yollarını tapmaqdır. İki ölkənin hərbi müttəfiqliyi isə birmənalı olaraq ortaq anti-Amerika mövqeyi üzərində qurulub.

"AzPolitika.info"