Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, tərəflər görüş zamanı regionda baş verən son hadisələri və atəşkəslə bağlı mövcud vəziyyəti müzakirə ediblər.

"Mehr" agentliyi məlumat yayıb ki, İranın xarici işlər naziri Abbas Əraqçi həmçinin omanlı həmkarları Bədr əl-Busaidi, Pakistan Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirlə ayrı-ayrılıqda telefonla danışıb.

Bununla yanaşı, Əraqçi Bədr əl-Busaidi ilə Hörmüz boğazındakı son proseslər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Əraqçi və əl-Busaidi regional məsələlərin həlli və gərginliyin artmasının qarşısının alınması üçün diplomatik potensialdan istifadə edilməsinin, təmasların və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Əraqçi Pakistanın Quru Qoşunlarının Komandanı Asim Munirlə ABŞ və İran arasında gərginliyin artmasından sonra bölgədəki son prosesləri müzakirə ediblər.