Ermənistan Baş Prokurorluğunun tələbi ilə Göyçə gölünün sahilində keçmiş yüksəkvəzifəli məmurlara və onların qohumlarına məxsus kotteclər və digər tikililər sökülüb.
"AzPolitika" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, keçmiş müdafiə naziri Seyran Ohanyanın və keçmiş polis rəisi Vladimir Qasparyanın evlərinin hasarları, həmçinin Ermənistan Respublika Partiyasının sədr müavininin qardaşı Armen Aşotyana, Gegarkurik vilayətinin keçmiş qubernatoru Rafik Qriqoryanın oğluna və parlamentin keçmiş sədri Samvel Nikoyanın oğluna məxsus kotteclər sökülüb.
Prokurorluğun məlumatına görə, bütün bu obyektlər icazə verilən həddən - dəniz səviyyəsindən 1905 metr yüksəklikdən aşağıda yerləşib.
Həmçinin bildirilir ki, məhkəmələrdə Vladimir Qasparyan, Seyran Ohanyan, Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Ayrapetyan və digər şəxslərin əmlakları ilə bağlı bir sıra iddiaların baxılması davam edir.
Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq iş adamı Qaqik Sarukyana məxsus “Multi Qrup” konserninin Göyçə sahilindəki yaşayış evlərinin və digər tikililərinin müsadirə olunmasını tələb edib.(Qafqazinfo)

Şərhlər