İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun adını və soyadını dəyişdiyi iddia olunur.

"AzPolitika" xəbər verir ki, bu barədə "Haaretz" məlumat yayıb.

Nəşrin yazdığına görə, 2024-cü ilin dekabrına aid vergi sənədlərində "Yair Netanyahu" adı qeyd edilsə də, bu il tərtib edilən eyni məzmunlu sənədlərdə eyni şəxsiyyət məlumatları ilə "Yonatan Hon" adı göstərilib.

Bildirilib ki, sənədlərdə ünvan hissəsində simvolik olaraq "Balfour 0" ifadəsi yer alıb.

Məlumata əsasən, ad dəyişikliyi Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində çıxarılan həbs orderi və İsraildə davam edən korrupsiya işləri fonunda artan hüquqi və siyasi təzyiqlər dövrünə təsadüf edib.

Qeyd olunur ki, Yair Netanyahu daha əvvəl də sosial şəbəkə hesablarında "Yair Hoon" soyadından istifadə edib. "Hoon" soyadının anası Sara Netanyahunun atası Şmuelin ailəsinin sonradan "Ben Artzi" ilə əvəz etdiyi əvvəlki ailə soyadından götürüldüyü bildirilir.

Bundan başqa, Yair Netanyahunun qardaşı Avnerin də təxminən beş il əvvəl adını "Avi Segal" olaraq dəyişdiyi və bu adla İngiltərənin Oksford şəhərində təxminən 502 min funt sterlinq dəyərində ev aldığı qeyd edilir.

İsrail mətbuatı həmin addımın ictimai diqqətdən yayınmaq məqsədi daşıdığını iddia edib. Həmçinin Benyamin Netanyahunun da 1980-ci illərdə ABŞ-də yaşadığı dövrdə "Ben Nitai" adından istifadə etdiyi xatırladılıb.