Milli Məclis mopedlərlə bağlı bir sıra qanunlara edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
"AzPolitika" xəbər verir ki, yeni tələblərə əsasən, mopedlər dövlət qeydiyyatına alınacaq, onlara dövlət qeydiyyat nişanı veriləcək və sürücülərin nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsinə malik olması tələb olunacaq.
Qanunvericilikdə edilən dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, mopedlərin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması və bu sahədə vahid tənzimləmə mexanizminin yaradılması məqsədi daşıyır.
Bundan sonra moped idarə etmək istəyən şəxslərdən "A1" kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb ediləcək. Eyni zamanda, moped sahibləri üçün texniki baxış, qeydiyyat, sürücülük vəsiqəsinin verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumları da tətbiq olunacaq.
Dəyişikliklərə əsasən, qeydiyyatdan keçmiş mopedlərin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin icbari qaydada sığortalanması da nəzərdə tutulur.
Qeyd edək ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, mühərrik həcmi 50 kubsantimetrdən çox olmayan və ya elektrik mühərriki ilə işləyən, maksimal sürəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi hesab edilir.

Şərhlər