Donald Tramp administrasiyasının Rusiyanın mövqeyini inkar edən və Ukraynanın döyüş meydanındakı uğurlarını etiraf edən son açıqlamaları Rusiyanı çaşdırıb. Kreml indi öz ritorikasını düzəltməyə və buna uyğunlaşdırmağa çalışır. 

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Analitiklər qeyd edirlər ki, Kreml Trampın Ukraynaya son dəstək mesajları və qərarlarının əhəmiyyətini kiçiltməyə, hətta bunu anlaşılmazlıq kimi təqdim etməyə üstünlük verir. 

Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov dünən ABŞ-nin Ukraynaya həmişə hərbi yardım göstərdiyini deyib və Kremldə bunu bildiklərini qeyd edib. Bununla da Kreml sözçüsü bir növ Trampın Ukraynaya “Patriot” raketləri istehsal etmək üçün lisenziya vermək qərarının əhəmiyyətini azaltmağa çalışıb.

Peskov həmçinin deyib ki, Kreml Trampın açıqlamalarını eskalasiya deyil, "anlaşılmazlıq" kimi qiymətləndirir. O, hər şeyə rəğmən Vladimir Putinin Trampla müzakirələrə açıq qaldığını da xüsusi vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə srağagün Kremlin əvvəlki ritorikasını təkrarlayıb və iddia edib ki, ABŞ Avropanın təhlükəsizliyinin təminatına xüsusi diqqət ayırmaqda maraqlı deyil. Avropa dövlətləri isə öz növbəsində guya Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşır.

Analitiklərin fikrincə, Peskov və Zaxarovanın cavabları göstərir ki, Kreml hələ də Tramp administrasiyasının Ukraynaya son dəstək açıqlamalarına necə reaksiya verilməli olduğuna dair qəti və ardıcıl mövqe, tezislər hazırlaya bilməyib.

ISW xatırladır ki, ABŞ Dövlət katibi Marko Rubio bundan öncə 2025-ci ilin avqustunda Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra tərəflər arasında hər hansı bir razılaşma olmadığını bildirib. Bu isə Rusiyanın Alyaska görüşündən növbəti danışıqlarda “silah” kimi istifadə etmək cəhdlərini sarsıdır.

ABŞ-nin yüksək vəzifəli rəsmiləri də bu yaxınlarda Ukraynanın taktiki və əməliyyat uğurlarını etiraf ediblər ki, bu da Rusiyanın bütün cəbhə xətti boyunca qoşunlarının irəliləməsi barədəki rəvayətinin əksinədir.

Analitiklər hesab edirlər ki, Kreml, hələ də Ukraynadan və tərəfdaşlarından güzəştlər əldə edə biləcəyi ümidi ilə ABŞ ilə danışıqlar üçün qapını açıq saxlamaq niyyətindədir. Bu məqsədlə də son hadisələrin, o cümlədən Ukrayna üçün “Patriot” lisenziyalaşdırma müqaviləsinin əhəmiyyətini azaltmağa çalışır.

C.Məmmədli

“AzPolitika.info”