ABŞ-nin Ermənistandakı Səfirliyinin yaydığı məlumata görə, Amerikanın "AECOM" mühəndislik və məsləhət şirkətinin ekspert qrupu ölkədə dəmir yolu və digər strateji infrastrukturların layihələndirilməsi məqsədilə Zəngəzur dəhlizində (TRIPP ərazisində) baxış və araşdırmalar keçirib.

“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, səfirliyin rəsmi açıqlamasında layihənin region üçün əhəmiyyəti xüsusi vurğulanıb.

“Ötən həftə Amerikanın aparıcı mühəndislik və məsləhət şirkəti olan AECOM-un nümayəndə heyətini Ermənistanda qəbul etdik. AECOM komandası erməni tərəfdaşları ilə birlikdə iqtisadi artımı, regionlararası əlaqəni və regional inteqrasiyanı dəstəkləyəcək dəmir yolu, eləcə də digər mühüm infrastruktur layihələrinin inkişaf etdirilməsi məqsədilə TRIPP ərazisində araşdırmalar aparıb”, - deyə bildirilir.

Qeyd edək ki, təxminən iki ay əvvəl Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından ölkəyə gələn "AECOM" nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə tərəflər Zəngəzur dəhlizində tədqiqat və qiymətləndirmə işlərinin başladılması barədə yekun razılığa gəlmişdilər.

“AzPolitika.info”