İyun ayında iki dəfə dron hücumlarına məruz qalan Kapotnyadakı Moskva neft emalı zavodunda bu gün yenidən yanğın qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Telegram” kanallarında görüntülər yayımlanıb.

İldə 14 milyon ton yanacaq istehsal edən və paytaxtın yanacaq istehlakının təxminən üçdə birini təmin edən zavoddan qatı qara tüstü qalxır. Mer Sergey Sobyaninin sözlərinə görə, gecə ərzində paytaxta ən azı 14 dron hücum edib. O, onların hamısının vurulduğunu bildirib.

Moskva neft emalı zavoduna 16 və 18 iyun tarixlərində hücum edilib və bundan sonra zavod neft məhsullarının istehsalını dayandırıb. Reuters mənbələrinə görə, zavoddakı hər iki əsas neft emalı qurğusu zədələnib. Agentliyin mənbələri bildirib ki, bu qurğuların təmiri 2027-ci ilə qədər çəkə bilər. Onun təmir xərcləri isə 1 milyard dollara yaxın qiymətləndirilir.

“AzPolitika.info”