İsrail 1994-cü il Vadi Ərəb Sülh Müqaviləsinə əsaslanan və İordaniyaya güzəştli qiymətlə su təmin edən sazişi yeniləməkdən imtina edib.

"AzPolitika" xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.

Saziş çərçivəsində İsrail Tiberiya gölündən İordaniyaya hər kubmetri 1 sent olmaqla ildə 50 milyon kubmetr su satırdı. Adı açıqlanmayan israilli rəsmi hazırda sazişin yenilənməsi ilə bağlı gözləntilərin olmadığını bildirib və bunun İordaniyada narazılığa səbəb ola biləcəyini qeyd edib.

Xəbərdə İsrailin bu qərarı verməsinin səbəbi açıqlanmayıb. İordaniya rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, İranın İsrailə raket və kamikadze PUA-larla hücumları zamanı İordaniya hava məkanından keçən sursatları zərərsizləşdirmişdi. Amman bu addımın İsraili müdafiə etmək üçün deyil, ölkənin suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədi daşıdığını bildirmişdi.

Bununla yanaşı, İordaniyanın dövlət televiziyası "Əl-Məmləkə" daha əvvəl hökumətin su təhlükəsizliyini təmin etmək məqsədilə İsraildən su alınmasına alternativ plan üzərində işlədiyini xəbər vermişdi.(Publika.az)