Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ixrac göstəriciləri sürətlə artmaqda davam edir.
“AzPolitika” xəbər verir ki, kəmərin istismara verildiyi 2020-ci il 31 dekabr tarixindən 2026-cı ilin iyul ayına qədər olan dövrdə Avropa bazarına ümumilikdə 60 milyard kubmetr təbii qaz ötürülüb.
Məlumata görə, Azərbaycan qazının Avropaya çatdırılan ümumi həcminin orslan payı - 50 milyard kubmetri (və ya 83,3 faizi) İtaliyadakı istehlakçıların payına düşüb.
TAP layihəsini idarə edən "TAP AG" şirkətinin rəsmi açıqlamalarına əsasən, kəmərlə Avropaya nəql olunan qazın həcmi 2025-ci il sentyabrın 1-də 50 milyard kubmetr həddinə çatmışdı. Bu isə o deməkdir ki, son bir ilə yaxın müddətdə kəmərlə daha 10 milyard kubmetr mavi yanacaq nəql edilib.
Statistik təhlillər boru kəməri ilə nəql prosesinin əhəmiyyətli dərəcədə sürətləndiyini nümayiş etdirir. Belə ki, TAP vasitəsilə ilk 10 milyard kubmetr qazın nəqli üçün təxminən 15 ay vaxt lazım olmuşdusa (2022-ci ilin mart ayına qədər), növbəti 50 milyard kubmetrlik həcm cəmi dörd ildən bir qədər artıq müddətdə Avropaya çatdırılıb.
Mütəxəssislər qeyd edirlər ki, artan bu dinamika TAP-ın tam gücü ilə işlədiyini və Avropa bazarında Azərbaycan qazına olan tələbatın davamlı olaraq yüksəldiyini göstərir.
Rasim
“AzPolitika.info”

Şərhlər