NATO sammiti çərçivəsində ABŞ-nin Ukraynaya Rusiya raketlərinə qarşı müdafiə silahları və intensiv hərbi dəstək verəcəyi ilə bağlı açıqlamalar Moskvada ciddi rezonans doğurub. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun bu məsələyə verdiyi reaksiya isə Kremlin pərdəarxası çətinliklərini və Vaşinqtona olan gizli ümidlərini üzə çıxarıb.

"AzPolitika" xəbər verir ki, Peskovun açıqlamaları ilk baxışda növbəti diplomatik bəyanat kimi görünsə də, onun daxili qatında Rusiya rəhbərliyinin düşdüyü çıxılmaz durumun cizgiləri aydın sezilir. Putinin fikirlərini birbaşa ifadə edən bu bəyanatı analiz etdikdə, 6 əsas mühüm məqam ortaya çıxır:

Peskov ABŞ-nin Ukrayna hava məkanının qorunması ilə bağlı yeni bəyanatlarının əlavə təhlil tələb etdiyini və Vaşinqtonun Kiyevə intensiv silah ötürməsindən xəbərdar olduqlarını bildirib. Normalda bu cür addımlara sərt hədələrlə cavab verən Kreml, bu dəfə Trampın Ukraynaya hərbi dəstək mövqeyinə qarşı kifayət qədər mülayim və dözümlü yanaşır. Moskva ABŞ-nin bu addımından narazı olsa da, münasibətləri tamamilə qoparmaqdan çəkinir.

Peskov açıq şəkildə bəyan edib ki, Kreml ABŞ-nin Ukraynada sülh danışıqlarını asanlaşdırmaq istəyini səmimi hesab edir və onu dəstəkləyir. Rusiya tərəfi Amerikanın mövqeyindəki ikililiyi – bir tərəfdən silah tədarükü, digər tərəfdən sülh cəhdlərini – görsə də, Trampdan bu məsələdə mühüm və qətiyyətli bir təşəbbüs gözləyir.

Kremlin bu qədər mülayim bəyanatlarla çıxış etməsinin fundamental səbəbi Rusiyanın Ukrayna müharibəsində tam bir çöküş və çıxılmazlıq durumuna düşməsidir. Moskva hazırda nə irəli gedə bilir, nə də geri çəkilə bilir. Üzə vurulmasa da, Rusiyanın sülhə çox ciddi ehtiyacı var və Kreml bu geosiyasi bataqlıqdan yeganə çıxış yolunu məhz Trampın şəxsində görür.

Pərdəarxası məlumatlara görə, Tramp Putinə təkcə sülhün yaradılmasını deyil, müharibədən sonra Rusiyanın sanksiyalar altında darmadağın olmuş iqtisadiyyatını ikitərəfli mənfəət əsasında bərpa etməyə kömək edəcəyini söz verib. Çünki Rusiyanın daxili resursları ilə bu ağır iqtisadi çöküşün altından qalxması artıq qeyri-mümkün görünür.

Tramp ilə Putin arasında müntəzəm gizli və ya açıq kontaktların olduğu artıq sirr deyil. Trampın Ankarada verdiyi arxayın bəyanatlar da bunu təsdiqləyir. Bu intensiv təmaslar çıxılmazlığın gətirdiyi depressiyaya düşən Putini psixoloji və mənəvi baxımdan xeyli rahatladır və ona ümid verir. Tramp müntəzəm olaraq Putini öz təsir dairəsində saxlayır, onun çökmüş ruhuna bir növ "məlhəm" qoyur.

Peskovun ən diqqətçəkən bəyanatı isə İranla bağlıdır. O qeyd edib ki, Moskva İran ətrafında vəziyyət həll edildikdən sonra Vaşinqtonun Ukraynadakı sülh səylərini bərpa edəcəyinə ümid edir və regionda gərginliyin ciddi şəkildə artmasını qeydə alır. Bu o deməkdir ki, Tramp Putinə öz fəaliyyət planını diktə edib: ilk növbədə ABŞ-nin İran problemini həll etməsinə mane olmamaq, bundan sonra isə tam güclə Ukrayna və Rusiya məsələsinə qoşulmaq. Putin də faktiki olaraq bu şərtlə razılaşıb, öz strateji müttəfiqi olan İranı taleyin ümidinə buraxaraq, Trampın Tehrana qarşı nə edəcəyini gözləməyə və yalnız öz canını qurtarmağa fokuslanıb.

Rasim Əliyev

"AzPolitika.info"