Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) həyata keçirdiyi kütləvi hücumlar Rusiyanın ən mühüm dəniz ticarət yollarından birində hərəkətin tamamilə iflic olmasına səbəb olub.
"AzPolitika" xəbər verir ki, "Reuters" agentliyinin taxıl sənayesindəki etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya Federasiyasının Sərhəd Xidməti Don çayını Azov dənizi ilə birləşdirən strateji əhəmiyyətli Azovo-Donskoy dəniz kanalından gəmilərin keçidi üçün müraciətlərin qəbulunu dayandırıb. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı barədə heç bir rəsmi müddət açıqlanmır.
Mənbələr həmçinin bildirir ki, Azov dənizini Qara dənizlə birləşdirən Kərç boğazı vasitəsilə də gəmilərin hərəkəti müvəqqəti olaraq tamamilə dondurulub.
Ekspertlərin fikrincə, bu qərar Rusiyanın kənd təsərrüfatı ixracatına ciddi zərbə vura bilər. Çünki Rusiyanın ümumi buğda ixracatının rübdən (25%-ə yaxını) çoxu məhz Azov dənizi marşrutu vasitəsilə həyata keçirilir. Don və Krasnodar kimi ölkənin ən böyük taxıl istehsalçısı olan bölgələri məhz bu dəniz sahilində yerləşir.
Regionda gəmiçiliyin dayandırılması xəbəri dünya birjalarında dərhal ajiotaj yaradıb. Avropanın nüfuzlu "Euronext" birjasında buğdanın qiyməti cəmi bir sutka ərzində 4%-dən çox bahalaşaraq son altı həftənin ən yüksək həddinə çatıb. Analitiklər dəniz yollarının qapalı qalacağı təqdirdə qlobal ərzaq bazarında qiymət artımının davam edəcəyini proqnozlaşdırırlar.
"AzPolitika.info"

Şərhlər