Ankarada keçirilən NATO sammiti çərçivəsində dünya liderlərinin şərəfinə təşkil olunan rəsmi şam yeməyində spirtli içki təqdim olunub-olunmaması Türkiyədə müzakirələrə səbəb olub.

Müzakirələrə jurnalist Yılmaz Özdilin məsələ ilə bağlı paylaşımı təkan verib. O, şam yeməyinin menyusunun ictimaiyyətə açıqlanmasına baxmayaraq, içkilər siyahısının paylaşılmamasını tənqid edərək, liderlərə spirtli içki təqdim edilib-edilmədiyinin açıqlanmasını istəyib.

Bununla bağlı açıqlama verən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bursa vilayətindən millət vəkili Mustafa Varank bildirib ki, sammit çərçivəsində keçirilən rəsmi şam yeməyində spirtli içki təqdim edilməyib.

Onun sözlərinə görə, 28 avqust 2014-cü il tarixindən etibarən Türkiyədə dövlət tərəfindən təşkil olunan rəsmi qəbul və ziyafətlərdə spirtli içki ikramı dayandırılıb.

"2014-cü il avqustun 28-dən etibarən rəsmi dövlət tədbirlərində spirtli içki təqdim edilmir. Bu məsələdən narazılıq edən heç bir xarici dövlət başçısı ilə rastlaşmamışam. Qonaq ev sahibinin qaydalarına hörmət etməlidir", – deyə Varank qeyd edib.

Qeyd edək ki, NATO sammiti çərçivəsində keçirilən rəsmi şam yeməyinin menyusu ictimaiyyətə təqdim olunsa da, içkilər siyahısının açıqlanmaması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

"AzPolitika.info"