Çin rəhbərliyi əmindir ki, Ukrayna cəbhəsində hadisələrin inkişafı Rusiya üçün uğursuz ssenari ilə davam etsə belə, Kreml nüvə silahından istifadə etməyəcək.
"AzPolitika" xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "CNBC" telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı jurnalistin “Küncə sıxılmış Rusiya Prezidenti Vladimir Putin nüvə silahı tətbiq edə bilərmi?” sualına cavab verərkən, bu məsələni bir müddət öncə Finlandiyaya səfər edən Çinin Xarici İşlər naziri Van Yi ilə geniş müzakirə etdiyini vurğulayıb.
Stubbun sözlərinə görə, Çin tərəfi Rusiyanın nüvə variantına əl atmayacağını tam əminliklə ifadə edib. Bununla belə, Finlandiya Prezidenti Ukrayna cəbhəsində eskalasiya riskinin hələ də yüksək olduğunu və Qərbin hər an bu təhlükəyə hazır durmalı olduğunu diqqətə çatdırıb.
Məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski də mühüm məqamlara toxunub.
O, NATO-nun Vaşinqton sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Avropa liderləri rəsmi Pekinin Rusiya mediasında yer alan "nüvə ritorikasına" kifayət qədər sərt reaksiya verdiyini təsdiqləyiblər: “İlk dəfədir ki, onlar (Çin – red.) çox dəqiq və kəskin reaksiya nümayiş etdiriblər. Liderlərin mənə ötürdüyü məlumata görə, Pekin tərəfindən Kremlin ünvanına ultimativ formada 'nüvə silahının tətbiqindən söhbət belə gedə bilməz' mesajı çatdırılıb”.
Qeyd edək ki, Çin tərəfi hələlik nə Finlandiya Prezidenti Aleksandr Stubbun, nə də Ukrayna lideri Volodimir Zelenskinin bu bəyanatlarına rəsmi münasibət bildirməyib.
"AzPolitika.info"

Şərhlər