"Vaqner" özəl hərbi şirkətinin keçmiş muzdluları Mərkəzi Afrika Respublikasında (MAR) nəzarəti ələ keçirərək, nəhəng narkoimperiya yaradıblar.

"AzPolitika" xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Ubanqi çayının yuxarı hövzəsində möhkəmlənən bu qruplaşmaya hazırda Rusiya rəhbərliyi  nəzarət edə bilmir. Yerli hüquq-mühafizə orqanları isə silahlılar qarşısında tamamilə aciz qalıb. İddiaya görə, hazırda MAR-dakı vaqnerçilərə qrupunun mərhum təsisçisi Yevgeni Priqojinin oğlu Pavel Priqojin rəhbərlik edir.

Qəzetin araşdırmasına görə, keçmiş vaqnerçilərin regiondakı əsas gəlir mənbəyinə "kasıblar üçün kokain" kimi tanınan güclü təsirli narkotik vasitə – tramadol ticarəti çevrilib. Tibbi norması normalda 50-100 mq olan bu sintetik dərmanı muzdlular dozanı 200 mq-a çatdıraraq qanunsuz yollarla yaymağa başlayıblar.

Sxemin təfərrüatlarına görə, Hindistanda istehsal edilən tramadol partiyaları əvvəlcə Konqo Demokratik Respublikasına, oradan isə qaçaqmalçılıq yolu ilə MAR-a daşınır. Buradan isə şəbəkə vasitəsilə digər qonşu Afrika ölkələrinə ötürülür. Bildirilir ki, bu qara biznesə 2023-cü ildə Yevgeni Priqojinin aviaqəzada həlak olmasından sonra MAR-da qalan təxminən 500 vaqnerçi birbaşa nəzarət edir.

Məsələ ilə bağlı Afrika Strateji Tədqiqatlar Mərkəzi də xəbərdarlıq edib. Mərkəzin hesabatında qeyd olunur ki, Priqojinin qrupu MAR-ı de-fakto özünə tabe edib.

"Qruplaşma yerli orduya və regional silahlı qruplara dərindən sızıb. Onlar ölkədə o dərəcədə güclənib və təsir imkanları qazanıblar ki, hətta ölkə prezidentinin qvardiyasının döyüşçülərinə belə tramadol sata bilirlər", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, "Vaqner"in Afrikadakı fəaliyyəti uzun müddətdir beynəlxalq analitik mərkəzlərin və Qərb kəşfiyyatının diqqət mərkəzindədir. Son məlumatlar qrupun artıq siyasi-hərbi təsirlə yanaşı, qitədə transmilli mütəşəkkil cinayətkarlıq şəbəkəsini də idarə etdiyini göstərir.

"AzPolitika.info"