ABŞ administrasiyası İsrailin təqdim etdiyi və İranın ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı hazırladığını iddia edən kəşfiyyat məlumatlarını inandırıcı hesab etməyib. Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Ev rəsmilərinin bir hissəsi Tel-Əvivin bu cür kəşfiyyat məlumatlarından istifadə edərək Vaşinqtonu İrana qarşı irimiqyaslı hərbi kampaniyaya cəlb etməyə çalışdığından narahatdır. ABŞ kəşfiyyatındakı mənbələr bildirir ki, İsrailin təqdim etdiyi sənədlər tam mənzərəni əks etdirmir və pərakəndə xarakter daşıyır. Vaşinqton hesab edir ki, rəsmi Tehran Trampa qarşı hər hansı bir qəsdin ABŞ tərəfindən çox sərt hərbi cavabla nəticələnəcəyini yaxşı anlayır.
Mənbələr Trampın hələ də diplomatiyaya üstünlük verdiyini, İsrailin isə İrana qarşı zərbələri bərpa etməkdə maraqlı olduğunu və yeni hərbi hədəflər üzərində işlədiyini iddia edir.
Buna baxmayaraq, daxil olan məlumatlar kifayət qədər ciddi qəbul edilib və ABŞ Prezidentinin təhlükəsizlik tədbirlərinin dəyişdirilməsinə səbəb olub. WSJ-nin məlumatına görə, Türkiyədə keçirilən NATO sammitindən sonra Tramp Qətərin hədiyyə etdiyi yeni təyyarə ilə deyil, əvvəlki rəsmi "Air Force One" bortu ilə geri qayıdıb.
Qeyd edək ki, bir müddət əvvəl İranın Ali Rəhbəri Müctəba Xamenei, atası Ayətullah Əli Xameneinin və 28 fevral zərbələrində həlak olan digər şəxslərin qisasının alınacağını bəyan etmişdi. Donald Tramp isə öz növbəsində, ona qarşı hər hansı sui-qəsd cəhdi olacağı təqdirdə İrana yönəldilmiş min raketin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verdiyini açıqlamışdı.
Digər tərəfindən, "Politico" nəşri Ağ Evin İranla imzalanmış qarşılıqlı anlaşma memorandumunun iflasa uğramasından qorxduğunu yazır. Bildirilir ki, danışıqlar uğursuz olarsa, bütün siyasi məsuliyyət Tehranla dialoqda əsas fiqurlardan biri hesab olunan Vitse-prezident Cey Di Vensin üzərinə düşə bilər.
Mənbələr qeyd edir ki, sözügedən memorandum tərəflər arasındakı fundamental ixtilafları, xüsusilə də Livan və Hörmüz boğazına nəzarət məsələlərini həll etməyib.
Xatırladaq ki, iyulun 8-də ABŞ və İran iyun ayında sülh danışıqlarına hazırlıq məqsədilə imzalanmış memorandumu pozmaqda bir-birini ittiham edərək yenidən qarşılıqlı zərbələr endiriblər. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf isə Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, razılaşmalara əməl olunmaması ABŞ-a baha başa gələcək.
Rasim
“AzPolitika.info”

Şərhlər