Avropa İttifaqı (Aİ) Şurası "VKontakte" sosial şəbəkəsinin və bir sıra digər xidmətlərin sahibi olan Rusiyanın VK şirkətinə, eləcə də onun törəmə müəssisəsi - "milli messencer" sayılan "MAX"ın ("Kommunikasiya platforması") hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə qərar Aİ-nin rəsmi jurnalında dərc olunub və bununla da sanksiyalar qüvvəyə minib.
Sanksiya siyahısına ümumilikdə 11 fiziki şəxs və 5 təşkilat daxil edilib. Eyni zamanda, Böyük Britaniya da iyulun 13-də sanksiya siyahısını genişləndirərək Aİ ilə koordinasiyalı şəkildə addım atıb.
Aİ-nin bəyanatında bildirilir ki, bu addım Rusiya hakimiyyətinin və onlarla əlaqəli qrupların kiberbəhsdəki düşmənçilik fəaliyyətləri və kiberhücumları ilə bağlıdır. Xüsusilə vurğulanır ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) 16-cı Mərkəzi Polşa, Fransa, Almaniya və Aİ-nin digər ölkələrində kiberşpionaj və hücumlar həyata keçirən bir sıra haker qruplaşmalarına nəzarət edir.
Aİ Şurası VK şirkətini Ukraynadakı müharibəni tənqid edən və ya hakimiyyət tərəfindən qadağan olunmuş digər məzmunları paylaşan istifadəçilərin məlumatlarını Rusiya rəsmilərinə ötürməkdə ittiham edir. "MAX" messencerinin işlənib hazırlanmasının isə FTX-nin nəzarəti altında həyata keçirildiyi iddia olunur.
Sanksiyaya məruz qalanlar arasında VK-nın bir sıra törəmə strukturlarının rəhbəri Yelena Bagudina, trafikə nəzarət sistemləri üçün proqram təminatı istehsal edən "VAS Experts", "Norsi-Trans" və "Citadel" şirkətlərinin rəhbərləri Dmitri Qaçko, Sergey Ovçinnikov və Mixail Fomin (həmçinin bu şirkətlərin özləri) yer alıb.
Siyahıda, həmçinin Ukrayna vətəndaşlarına işgəncə verildiyi iddia edilən Mordoviyadakı 10 saylı cəzaçəkmə müəssisəsinin bir neçə əməkdaşı, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) yüksəkrütbəli rəsmisi İvan Kasyanenko və haker qruplaşmaları ilə əlaqəsi olan bir neçə şəxs var.
Bundan əlavə, Britaniya "Rıbar" (Рыбарь) layihəsi ilə əlaqəli şəxslərə qarşı da sanksiya tətbiq edib.
Qeyd olunur ki, hazırkı qərar Aİ-nin növbəti – 21-ci sanksiya paketi demək deyil. Belə ki, Brüsseldə keçirilən xarici işlər nazirlərinin iclasında bu paketin bəzi detalları barədə hələlik yekun razılıq əldə olunmayıb. Məsələn, Bolqarıstan Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirillin siyahıya salınması ideyasından imtina edilməsini tələb edib.
Bolqarıstanın xarici işlər naziri Velislava Petrova bəyan edib ki, yekun siyahıdan həm patriarx Kirill, həm də "Lukoyl"un təsisçisi Vahid Ələkbərov çıxarılacaq. Onun sözlərinə görə, Bolqarıstan artıq paketi dəstəkləyir, lakin hazırda digər iki ölkənin – Avstriya və Yunanıstanın etirazları qalmaqdadır.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə bildirib ki, bugünkü tədbirlər və gözlənilən 21-ci paket sanksiya siyahısına təxminən 250 şəxsin əlavə edilməsini nəzərdə tutur. Bu, Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından bəri siyahının eyni anda ən böyük genişləndirilməsi olacaq.
Rasim
“AzPolitika.info”

Şərhlər