Rusiya Hərbi Hava Qüvvələrinin xüsusi uçuş dəstəsinə məxsus Tu-214PU təyyarəsi bu səhər Tehrana eniş edib.

Bununla bağlı "Iran International" telekanalının siyasi analitiki Əlihüseyn Qazizadə "X" hesabında paylaşım edərək bildirib ki, Tu-214PU müşayiətçi eskadrilya ilə birlikdə Tehrana gəlib.

Onun sözlərinə görə, Tu-214PU "Qiyamət təyyarəsi" kimi tanınan hava komandanlıq mərkəzlərinin versiyalarından biridir və iclas otaqları, yüksək təhlükəsizlikli rabitə sistemləri, eləcə də hərbi koordinasiya imkanları ilə təchiz olunub.

Qazizadə təyyarənin İrana səfərinin məqsədi ilə bağlı rəsmi məlumat olmadığını qeyd edərək, bunun mütəxəssislər tərəfindən şərh edilməli məsələ olduğunu bildirib. 

O, ilkin ehtimallardan birinin Moskvaya gedə bilməyən yüksək səviyyəli bir şəxslə təhlükəsiz görüşün təşkili ola biləcəyini irəli sürüb və həmin şəxsin Müctəba Xameneyi ola biləcəyini yazıb.

"AzPolitika.info"