Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "DP World" dövlət şirkəti BƏƏ-nin şərqində Hörmüz boğazından yan keçməklə neft və digər malların daşınması üçün yeni çoxfunksiyalı liman və konteyner terminalı inşa edəcək.
"Report"un xəbərinə görə, bu barədə "The Financial Times" (FT) şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fuceyra sahil zonasındakı yeni infrastruktur əmirliyin flaqman mərkəzi olan Cəbəl-Əlidən asılılığını azaldacaq. ABŞ-İran münaqişəsinin kəskinləşməsindən sonra regionun ən böyük konteyner limanı olan Cəbəl-Əlidə fəallıq 90-95 % azalıb. Bu, "DP World"ü beynəlxalq tərəfdaşlarını təchiz etmək üçün alternativlər axtarmağa sövq edib.
"Bizim öz planımız var və "DP World"nin nöqtey-nəzərindən şərq sahilindəki imkanları fəal araşdırırıq. Bu, nəyinsə düz getməyəcəyi təqdirdə, bir növ sığorta tədbiridir", - şirkət bildirib.
Yeni layihə "DP World"ün Oman körfəzindəki mövcudluğunu genişləndirəcək və konteynerlərin Hörmüz boğazından keçmədən ölkəyə daxil olub-çıxmasına imkan verəcək, bundan sonra onlar yük maşını ilə quru yolu ilə Dubay, Əbu-Dabi və qonşu Körfəz ölkələrinə daşınacaq.
Şirkət nümayəndəsi layihənin hələ yekunlaşdırılmadığını və BƏƏ hakimiyyəti ilə danışıqların davam etdiyini açıqlayıb. Lakin, yekun təsdiq alınsa, onun həyata keçirilməsi ilyarımdan çox çəkməyəcək.

Şərhlər