"Azərbaycan hökumüməti minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi tələbi ilə Ermənistana qarşı ikinci dövlətlərarası şikayət də göndərib".

"AzPolitika" xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yazdığı məqalədə qeyd olunub.

F. Abdullayev bildirib ki, Azərbaycan Respublikası tərəfindən isə Avropa Məhkəməsinə Ermənistana qarşı birinci dövlətlərarası şikayət 2021-ci ilin yanvar ayında göndərilib:

"Ərizə 2020-ci ildə baş vermiş Vətən müharibəsi dövründə və sonrasında Ermənistanın törətdiyi insan hüquqları və beynəlxalq humanitar hüquq pozuntularına əsaslanır. Şikayətdə iddia olunan pozuntular olaraq Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan (kassetli sursatlar, ballistik raketlər) istifadə edilməsi, mülki şəxslərin qətlə yetirilməsi, şəhər və kəndlərin dağıdılması, işğal dövründə evlərin və əmlakların kütləvi şəkildə məhv edilməsi, ərazilərin minalanması və 10 noyabr 2020-ci il bəyanatından sonra belə qanunsuz silahlı dəstələrin göndərilməsi nəticəsində azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun pozulması kimi hallar göstərilib.

2021-ci ilin iyun ayında göndərilmiş ikinci şikayətdə isə göstərilir ki, Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki minaların xəritələrini təqdim etməkdən imtinası Azərbaycan vətəndaşlarının “İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarında nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır. Qeyd olunmalıdır ki, Azərbaycan hazırkı dövlətlərarası şikayəti Avropa Məhkəməsinə təqdim edərək, onun Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli birinci dövlətlərarası şikayəti ilə bir icraat çərçivəsində baxılması barədə vəsatət verib.

Eyni zamanda, bu şikayətlə bərabər, Avropa Məhkəməsinə Ermənistanın üzərinə minaların xəritələrinin təqdim etməsinə dair öhdəlik qoyulmaqla barəsində müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında müraciət də ünvanlanıb".