Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni elmi nəticələr əldə olunub.

"AzPolitika" Teleqraf-a istinadla xəbər verir ki, artıq beş ilə yaxındır davam edən tədqiqatlar çərçivəsində bu il daha mükəmməl quruluşa malik dulus sobası aşkar edilib. Arxeoloqların qənaətinə görə, bu tapıntı Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyir.

Qazıntılar zamanı həmçinin daş əmək alətləri, əkinçilikdə istifadə olunduğu ehtimal edilən tam vəziyyətdə maral buynuzu və digər qiymətli arxeoloji nümunələr də üzə çıxarılıb.

Mütəxəssislər bildirirlər ki, tapıntılar üzərində aparılacaq elmi araşdırmalar Paşatəpədə yaşamış insanların təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha dolğun məlumat əldə etməyə imkan verəcək.