İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın ABŞ-ın bundan sonra Hörmüz boğazına nəzarət edəcəyi və oradan keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün daşınan yükün dəyərinin 20 faizini alacağı barədə açıqlamasına cavab verib.

"AzPolitika" xəbər verir ki, Əraqçi X sosial platformasında paylaşım edərək Hörmüz boğazından keçid üçün ödəniş tələb olunması məsələsində Trampla razılaşıb.

"ABŞ prezidenti tamamilə haqlıdır. Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz və etibarlı keçidini təmin edənlər bu xidmətə görə kompensasiya almalıdırlar. İran həmişə boğazın qoruyucusu olub və həmişə də belə qalacaq. 20% əlbəttə ki, çoxdur. Biz ədalətli olacağıq", - deyə Əraqçi yazıb.

Tramp daha əvvəl sosial media platforması Truth Socia-da Hörmüz boğazının açıq olduğunu və İranla və ya İransız açıq qalacağını bildirmişdi. 

O, həmçinin İran limanlarının blokadasının bərpa olunduğunu da elan etmişdi. 

Trampın sözlərinə görə, İrandan başqa bütün ölkələr boğazdan istifadə etməkdə sərbəstdirlər. Tramp bildirib ki, bundan sonra ABŞ Hörmüz boğazının qoruyucusu olacaq. 

O əlavə edib ki, gəmilər təhlükəsizlik xərclərini ödəmək üçün daşıdıqları malların dəyərinin 20 faizini ABŞ-a ödəməlidirlər.