ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların davam etdiyini, lakin Tehranla diplomatik razılaşmanın əldə olunmasının hələ də mümkün olduğunu bildirib.

Ağ Evdə keçirilən imza mərasimində jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ-nin İrana qarşı kifayət qədər hərbi resurslara malik olduğunu vurğulayaraq, hərbi zərbələrin davam edəcəyini deyib.

Tramp həmçinin Vaşinqtonun İrana qarşı dəniz blokadasını yenidən tətbiq etdiyini iddia edib. Onun sözlərinə görə, blokada yalnız İrana şamil olunur və İranla ticarət əlaqələri quranlar bu marşrutlardan istifadə edə bilməyəcəklər.

ABŞ Prezidenti bildirib ki, İranın hərbi potensialına ciddi zərbə vurulduğunu düşünür. O, İran Hərbi Dəniz Qüvvələrinin qısa müddətdə sıradan çıxarıldığını, Hərbi Hava Qüvvələrinin isə faktiki olaraq fəaliyyət göstərə bilmədiyini iddia edib. Trampın sözlərinə görə, İranın raket istehsalı imkanlarının 89 faizi, pilotsuz uçuş aparatlarının istehsal gücünün isə 92 faizi məhv edilib.

Bununla yanaşı, Tramp Tehranla danışıqlar ehtimalını da istisna etməyib.

"İranla razılığa gəlməyin hələ də mümkün olduğunu düşünürəm", – deyə ABŞ Prezidenti bildirib.

Tramp çıxışında Körfəz regionundakı ABŞ hərbi mövcudluğuna da toxunub. O qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt kimi müttəfiqlərinin təhlükəsizliyini təmin edir və bunun maliyyə yükünün həmin ölkələr tərəfindən qarşılanmalı olduğunu bildirib.

"AzPolitika.info"