İngiltərədə yüngül təyyarə ilə sınaq uçuşu həyata keçirən pilot uçuş təlimatçısı qeyri-adi hərəkəti ilə sosial şəbəkələrdə gündəmə gəlib. Pilot kəskin döngələr edərək uçuş marşrutunu elə qurub ki, səmada "I'm bored" ("Sıxılmışam") ifadəsi yaranıb.
Hadisə "Ravenair" şirkətinə məxsus "Piper Tomahawk" tipli yüngül təyyarənin sınaq uçuşu zamanı baş verib.
Liverpuldan havaya qalxan təyyarə Virral yarımadası, Çeşir, Şimali Uels və Di estuarisi üzərində uçaraq qeyri-adi marşrut izləyib. Uçuş məşhur "Flightradar24" platformasında da real vaxt rejimində izlənilib.
Məlumata görə, təyyarə təxminən 335 metr yüksəklikdə və saatda 160 kilometrə yaxın sürətlə hərəkət edərkən Talacre ilə Greenfield arasındakı ərazi üzərində təxminən 20 dəqiqə ərzində ardıcıl dar döngələr edərək "sıxılmışam" sözlərini formalaşdırıb.
Sosial mediada böyük marağa səbəb olan hadisədən sonra Ravenair şirkəti açıqlama yayaraq bildirib ki, uçuş mühərrikində dəyişdirilmiş hissənin işləkliyini yoxlamaq məqsədilə həyata keçirilən adi sınaq uçuşu olub.
Şirkətin əməliyyat direktoru Vayne Barrett pilotun yalnız rutin yoxlama uçuşu həyata keçirdiyini bildirib.
"Düşünürəm ki, sadəcə bir az sıxılmışdı. Bununla belə, olduqca bacarıqlı uçuş idi", – deyə Barrett bildirib.
Onun sözlərinə görə, mühərrikdə dəyişdirilən silindr hissəsinin düzgün işlədiyini yoxlamaq üçün bu sınaq uçuşunun keçirilməsi zəruri idi.
Şirkət pilotun bu hərəkətinə görə cəzalandırılmayacağını açıqlayıb. Bildirilib ki, sınaq uçuşu təhlükəsiz şəkildə başa çatıb, təyyarə hangara qaytarılıb, pilot isə sonradan planlı məzuniyyətə göndərilib.
"AzPolitika.info"

Şərhlər